Bitcoin Dünyanı Dəyişəcək

Bitcoin Dünyanı Dəyişəcək

Son zamanlar İT sahəsində bəlkə ən çox müzakirələrə səbəb olan Bitcoin kriptovalyutası haqqında yəqin ki, eşitmisiniz. Sərfəli, təhlükəsiz , anonim və eyni zamanda olduqca dinamik olan, bu yeni valyuta dünyada özü ilə birlikdə həm də çoxlu suallar doğurur. Burada ən ciddi suallardan biri onun gələcəkdəki taleyi haqqındadır. Çünki bu valyutanın kütləviləşməsi dünyanın siyasi-iqtisadi sferasında köklü dəyişiklərə gətirib çıxara bilər. Bunu anlamaq üçün, gəlin əvvəlcə onun xaraktersitikasına diqqət yetirək.




Xarakteristika

Rəqəmsal formada mövcud olan və milyonlarla hissələrə bölünə bilən bir valyuta təsəvvür edin. Belə ki, istənilən valyutanın bölündüyü müəyyyən əskinaslar vardır. Məsələn, bizim milli valyutamız olan Manatın ən kiçik əskisası 1 AZN , ən böyüyü isə 100 AZN təşkil edir. Bitcoin’in isə, milyonda bir əskinalara (0,000001 BTC) bölünmək imkanı var. Hazırda, 1 Bitcoin'in 5514 dollara bərabər olduğunu nəzərə alsaq , onda 100 AZN təxminən 0,010 BTC edər.

Bitcoin dünyada yeganə valyutalardandır ki, tranzaksiya və ya alış-veriş edərkən sizdən heç bir faiz tutulmur. Çünki, onun məlumat bazası bankda deyil də, kompyuter və smartfonların yaddaşında saxlanılır. Digər valyutalarla xaricə pul köçürmələri edərkən sizdən çıxılan yüksək komissiyalar Bitcoin'lə çıxılmır. Çünki, pul köçürmələri ,adətən, üçüncü tərəfin, yəni bankların serverləri olmadan həyata keçə bilməz. Bitcoin'də həmin üçüncü tərəf olmadığı üçün pullar birbaşa, internet vasitəsilə şəxsdən şəxsə göndərilir. İndiki vəziyyətdə kiməsə Bitcoin göndərmək, eynilə telefondan-telefona bluetooth vasitəsilə fayl göndərməyə bənzəyir. Bu halda kiminsə sizdən vergi və ya faiz tutması mümkün deyildir. Üstəlik, Bitcoin hesabı açmaq da tamailə pulsuzdur. Bunu etmək üçün sadəcə telefona və ya kompyuterə proqram təminatını yükləmək lazım gəlir. Bir yandan da, Bitcoin hesabı açarkən, bankdakı kimi uzun-uzadı qeydiyyatdan keçmək və cansıxıcı sənədləri doldurmaq da lazım deyil. Hər şey çox tez və asan baş verir.

Daha bir müsbət  cəhətlərdən biri də, Bitcoin istifadəçilərinin tamailə anonim qalmasıdır. Belə ki, bank vasitəsiə kiməsə pul göndərərkən, həmin şəxsin adı və soyadı bankın rəhbərliyinə məlum olur. Amma Bitcoin hesabı açsanız, sizin kimliyiniz tamailə anonim qalır və hesabınızın kodu təxminən buna bənzər olur  - 175tWpb8K1S7NmH4Zx6rewF9WQrcZv245W . Heç bir ad, soyad və şəxsiyyəti bildirən hansısa bir detal olmur . Lakin digər tərəfdən bu anonimliyi həm də mənfi cəhət də hesab edə bilərik. Çünki bu halda dövlət təhlükəsizlik orqanları pul köçürmələrinin kimlər tərəfindən yerinə yetirildiyini bilmir. Nəticədə, terrorçular , narkotik alverçiləri və hakerlər bundan çox asanlıqla yararlana bilirlər.

Bitcoin necə əldə edilir ?

İndiki halda Bitcoin əldə etməyin iki yolu vardır. Bunlardan biri çox asan , digəri isə çox çətindir. Asan yol odur ki, istənilən valyutanı Bitcoinə çevirərək asanlıqla öz hesabınıza əlavə edə bilərsiniz . Çətin yol isə “mining”(şaxtaçılıq) adlanan uzun bir prosedurla həyata keçirilir və bu işlə məşğul olanlara mayner deyilir . Bu  prosedur eynilə şaxtada qızıl axtarmağa bənzəyir. Həmin şaxta müasir dildə “blockchain” adlanır və orada Bitcoin vasitəsilə edilən bütün tranzanksiyaların (pul köçürmələri) arxivi saxlanılır. Belə olduqda sistem hər 10 dəqiqəyə 25 Bitcoin istehsal edir və bu pullar mükafat olaraq  maynerlərə   verilir. Onların iş prinsipi isə tranzaksiyalara nəzarət etməkdən ibarətdir. Tranzakzasiyaların ən ciddi problemi ikili tranzaksiyadır ki, bəzən istifadəçilər eyni pulu iki fərqli adama göndərir. Bunun qarşısını almaqdan ötrü blockchain arxivində olan bütün tranzaksiyalar riyazi hesablamadan keçirilir və ortaya çıxan səhvləri aşkar etdikdə sistem tərəfindən Bitcoin’lə mükafatlandırılır. Maynerlərin işini “iynə ilə gor qazmaq” da adlandıra bilərik. Çünki, hətta ən yaxşı halda belə, ev şəraitində bu üsulla aya təxminən 20-25 dollar qazanmaq mümkün olur.  Hardasa 3 il əvvəl bu üsulla normal pul qazanmaq mümkün idi. Amma 2013-c ildə Çin “ASİC” tipli prosessorları ixrac edərək, Bitcoin’in əldə edilməsini kommersiya üsula çevirdi. Bir çox  investorlar milyonlarla vəsait xərclərəyək, özləri üçün “Bitcoin fermaları” yaratdılar. Onlar sadəcə, böyük bir otaqda yüzlərlə superkompyuteri bir-birinə birləşdirərək, Bitcoin əldə etmək üçün sutkalarla işlədirlər. Həmin kompyuterlərə eynilə bank sistemində olan serverlər də demək olar . Bu halda həmin “fermalar” aya təxminən bir neçə milyon dollar qazana bilir.

Bitcoin’i saxta yolla yaratmaq mümkün deyil. Kriptovalyuta  - şifrəli valyuta deməkdir və onu heç cür saxtalaşdırmaq və ya fərdi olaraq istehsal etmək mümkün deyil. Şifrəli valyuta, çox dərin riyazi hesablamalar üzərində yaradılmış bir şifrəli koddur. Onun riyazi alqoritmlərini bilmək üçün, hətta ən güclü kompyuterləri yüz  illərlə işlətməklə də açmaq olmaz. İndiki halda bir rəqəmsal valyutanın şirfəsini açmaq, eynilə dünyadakı insanların hansısa birinin barmaq izlərini dəqiqliklə çəkməyə bənzəyir. Bununla belə , kiminsə Bitcoin hesabının şifrəsini öyrənmək də hakerlər üçün mümkün deyil.

Yaxşı, bəs Bitcoin’ni bu qədər dəyərli edən nədir ? Faktiki olaraq, Bitcoin hazırki durumda  qızıldan da qiymətlidir, çünki qızıldan fərqli olaraq onun müəyyən limiti vardır. 2009-cu ildən başlayaraq dünyada 12,5 milyon Bitcoin istehsal olunmuşdur. Bu proses 2130-cı ilədək davam edəcək və illər ötdükcə onun istehsal sürəti azalacaq. Nəticədə dünyada cəmi 21 milyon Bitcoin olacaq. İndi qızıl tapmaq necə çətindirsə, Bitcoin’i əldə etmək ondan daha da çətindir. Onu da qeyd edək ki, maynerlərdən əlavə həm də, “Pool” adlanan xüsusi online saytlar da var ki, bunlar da Bitcoin’i əldə etmək üçün komanda şəklində işləyir və blockchain’də olan səhvləri araşdırırlar. Burada insanlar onlayn qrup şəklində işləyir və pulları proporsionar şəkildə, zəhmətdən asılı olaraq bölürlər.



Hər 4 ildən bir Bitcoin'in istehsalı iki dəfə aşağı düşür. Bu proses 2130-cu ildə dayanacaq.


"Bitcoin ferması"

Yan təsirlər

Bitcoin’in 2008-ci ildə yapon proqramçı Satoshi Nakamoto tərəfindən yaradıldığı iddia edilsə də, maraqlıdır ki, bu şəxsi hələlik canlı olaraq görən olmayıb. Bəzi qeyri-rəsmi mənbələr, bu adamın ümumiyyətlə uydurulmuş  personaj olduğunu və naməlum insanlar tərəfindən müəyyən göstərişlər əsasında Bitcoin’in dövriyyəyə buraxıldığını iddia edirlər. Axı, Bitcoin kimi bir valyutanı kəşf edən insanın riyazi bilikləri və İQ səviyyəsi, eynilə Enşteyn kimi olmalıdır. Belə bir insanın anonim qalması mümkün ola bilməz və çoxlu Bitcoin’ə sahib olduğuna görə, yəqin ki, bu adam hal-hazırda milyarder olmalıdır. Beləliklə , Satoshi ictimaiyyətdən niyə gizlənir ? Bu sualdan daha bir sual da ortaya çıxır : Bitcoin’ə etibar etmək olarmı ?

Bitcoin məzkəzləşdirilmiş bir kriptovalyuta deyil. Yəni , onu idarə edən, təhlükəsizliyinə zəmanət verən və nəzarət edən bir orqanı yoxdur. Bu o deməkdir ki, kimlərinsə göstərişi ilə onun qiymətini süni yolla qaldırıb-endirmək mümkün deyil. Bitcoin'in dəyəri ona olan təlabatdan asılı olaraq dəyişir. Hazırda dünyada bir çox saytlar onun vasitəsilə alış-veriş aparır, Pay-Pal kimi nəhəng şirkət onunla valyuta mübadiləsi edir, bəzi ölkələrdə isə, hətta onun bankomatları da mövcuddur. Yəni, Bitcoin kütləviləşdikcə dəyəri də artır. Amma dövlətlərin ona olan münasibəti birmənalı deyil, bəzi ölkələrdə ona qarşı qadağalar da mövcuddur. Bu il Çin və Rusiya Bitcoin'lə bağlı olan bütün saytları bloklayıb, nəticədə bu onun qiymətlərinin düşməsinə də təsir göstərib. Onlar bu qadağanı Bitcoin’in anonim valyuta olması və ölkədə çirkli pulları yumaq və vergindən yayınmaq üçün istifadəsiylə izah etsələr də, bəzi iqtisadçılar bunu sadəcə hökümətin monopoliyası kimi qələmə verirlər.

Az öncə dediyim kimi, Bitcoin mərkəzləşdirilmiş bir valyuta deyil. Bu bir tərəfdən yaxşıdır ki, heç kəs onun qiymətinə və mübadiləsinə təsir etmir. Amma digər tərəfdən, bu həm də çox pisdir. Çünki, bankla pul köçürmələri edərkən siz bankan çek alırsınız və gələcəkdə nəsə yalnışlıq olanda, siz pulunuzu bankdan tələb edə bilirsiniz. Amma Bitcoin’də mərkəzləşdirilmiş bir orqanı olmadığı üçün, sizin şikayət etməyə bir ünvanınız olmayacaq. Əgər pulu yalnış ünvana göndərsəniz, pulunuz birdəfəlik batacaq. Əgər Bitcoin şifrənizi itirsəniz, pulunuz yenə batacaq. Əgər komputerinizə virus düşsə və ya hard diski xarab olsa, orada olan Bitcoin hesabı da silinəcək və pullarınız yenə də batacaq. Bütün bu hallardan sizin sığortanız yoxdur və heç bir halda itirdiklərizi geri qaytarmaq üçün, şikayətlənəcək bir yeriniz yoxdur.

2014-cü ilədək insanlar Bitcoin hesablarını saytda saxlamağın daha təhlükəsiz olduğuna inanırdı. Bu saytlardan ən böyüyü “MtGox” idi ki, özündə təxminən 500 milyon dollarlıq Bitcoin hesabları saxlayırdı . Lakin çox keçmədi ki, sayt hakerlərin hücumu nəticəsində dağıdıldı və orada olan bütün pullar oğurlandı. Yüz minlərlə insan bu hadisədən şoka düşmüşdu və pulları geri qaytarmağın mümkünsüz olduğunu anlayırdı. Sonralar saytlara olan güvən tamamilə puça çıxdı və hər kəs öz Bitcoin hesablarını kompyuterdə saxlamağa başladı. Lakin,  heç kəs şəxsi kompyuterin də təhlükəsizliyinə zəmanət verə bilməz.

NƏTİCƏ

Bitcoin’in gələcək taleyi haqqında danışmaq çətindir. Kimlər tərəfindən və hansı məqsədlə yaradıldığı məlum olmayan bir kriptovalyutanın gələcəyi haqqında danışmaq da absurt kimi görünür. Amma, əgər o kütləviləşərsə , dünyanın siyasi-iqtisadi sferasında hansı köklü dəyişikliklərin yaranacağını deyə bilərik:
       1) Bank sistemi birdəfəlik çökəcək. İnsanlar pulları bankda deyil, öz komputer və smartfonlarının yaddaşında saxlayacaqlar.
       2) Kağız pullar sıradan çıxacaq və onlar rəqəmsal kriptovalyuta ilə əvəz ediləcək.
       3)  Bütün milli və xarici valyutalar ləğv olunacaq və onları Bitcoin əvəz edəcək.
       4)  Pul üzərində aparılan bütün əməliyyatlardan alınan vergi və fazilər ləğv olunacaq.
       5) Dövlətlər valyutaya olan nəzarəti həmişəlik itirəcək.

Bütün sadaladığımız arqumentlərdən sonra, Bitcoin’in bir sosial-iqtisadi eksperiment olduğunu da deyə bilərik. Belə bir məşhur misal var ki, “Qızıl axtarışına çıxanların heç də hamısı varlanmır, amma onlara qızıl çıxarmaq üçün alət satanların hamısı varlanır”. Bu misalı indiki Bitcoin axtaran maynerlərə də aid etmək olar. Məsələn, Bitcoin’nin bahalaşması eyni zamanda maynerlərin bu işə olan marağının artmasına və zəncirvari şəkildə, onlar üçün yeni texnologiyaların və avadanlıqların istehsal olunmasına səbəb oldu. Maynerlərin heç də hamısı varlanmasa da, onlara bu avadanlıqları satan şirkətlərin hamısı xeyli varlandı. Videokartlar ikiqat bahalaşdı, yeni növ çiplər ixtira olundu...

2010-cu ildə ABŞ-da Laslo adlı bir oğlan 10 min BTC ödəyərək özünə internetdən pizza sifariş vermişdi. Şübhəsiz, Laslo həmin vaxt  bütün dövrlərin ən bahalı pizzasını yediyinin fərqində deyildi.  Belə ki, bu gün həmin pizzanın qiyməti 57 milyon dollar olardı. 2011-ci ildə Rodcer Verr adlı bir şəxs isə, öz mülklərini satıb Bitcoin’ə 1 milyon dollar yatırdı və iki idən sonra onun varidatı  1 milyard dollara qədər yüksəldi. Sonra o, bir neçə nəfər Bitcoin həvəskarlarını bir araya gətirərək “Bitcoin Foundation” adlı ictimai fond yaratdı. Hazırda, dünyada kriptovalyutanın kütləviləşməsi üçün ən çox çalışan məhz həmin fonddur. Gələcəkdə Bitcoin kütləviləşərsə, onun qiyməti milyonlarla dollara qalxa bilər. Çünki, həqiqətdə ona olan ehtiyac getdikcə artır , amma onun sayı isə buna nisbətən məhdudlaşır.

Haitidə zəlzələ olan vaxt, milyonlarla insan 1 dollardan onlayn ödəmə sistemi vasitəsilə  yardım göndərmişdi. Həmin vaxt, çox az adam bilirdi ki, pulların cəmi 65 %-i yardıma, qalan 35%-i isə tranzaksiyanın komissiyası üçün ayrılırdı. İndi Azərbaycanda Bakıdan xaricə  poçtla  1 AZN  pul göndərsəniz, buna görə sizdən 3 AZN (!) komissiya çıxılacaq. Soyğunçuluqdur, deyilmi ? Bitcoin bütün bu soyğunçuluqların qarşısını ala bilər. Onun sayəsində dünyanın istənilən nöqtəsinə, saniyələr ərzində pul göndərmək mümkün olur. Bitcoin hesabı açmaq cəmi iki dəqiqə vaxt aparır. Üstəlik, o sizdən nə vergi, nə faiz, nə də komissiya tələb etmir. Buna görə ona əksər insanlar “havayı pul” da deyirlər. Məsələnin ən ciddi mahiyyəti ondadır ki, bütün bu proseslər qarşlılıqlı razılaşma sayəsində, heç bir dövlətin və bankın müdaxiləsi olmadan həyata keçir. Əgər fərdi azadlıqdan danışırıqsa, Bitcoin’in fəlsəfəsi insanlara iqtisadi azadlıq bəxş etməkdir. Buna görə onun kütləviləşməsinə ən ciddi dəstək göstərənlər əsasən liberallardır.  

Rəqəmsal texnologiya inkişaf etdikcə, hər şey rəqəmsallaşır və onlayn formaya keçir. Bu halda, rəqəmsal şəkillər, mahnılar və filmlər mövcud  olursa, niyə də rəqəmsal valyuta mövcud olmasın ? Bil Qeyts deyirdi ki, “Bitcoin’in bu qədər sərfəli olması məni heyrətləndirir. Bu, bir valyutadan daha artıq bir şeydir. O dünyada çox şeyi dəyişmək gücündədir. Heç bir komissiya olmadan, çox qısa zamanda pul köçürmələri etmək inqilabi bir dəyişiklikdir. Adicə smartfonun köməkliyi ilə, buradan Yaponiyaya pul göndərirsən və heç bir banka , yaxud sənədə ehtiyacın olmur. Bu tip valyutaya sahib olmağı kim istəməzki? ” Həqiqətdə də, dünya ona sahib olmaq uğrunda ciddi mübarizə aparır.  Hazırda Bitcoin’in kəşf olunmasını, internetin kəşf olunmasıyla müqaisə edə bilərik .Onun cılız bir şey olduğunu düşünənlər isə, bərk yanılırlar. Zaman keçdikcə, o dünyanı 180 dərəcə dəyişəcək. Və əgər Satoshi Nakamoto adlı şəxs doğurdanda mövcuddursa, onda gizlənməkdə bir bildiyi vardır.

Комментарии

Популярные сообщения из этого блога