Bədii Ədəbiyyatın Təsir Gücü


   Ətrafımızda bədii ədəbiyyatla elmi ədəbiyyatı müqayisə edən çoxlu sayda insan vardır. Mütəmadi olaraq elmi ədiyyatı oxuyanların əksəriyyəti bədii ədəbiyyatı “mənasız söz yığını” adlandırır.  Sual olunur :  bədii ədəbiyyatı bizə nə öyrədir? Mənə görə bu iki ədəbiyyat sahəsinin fərqinin ən sadə açıqlaması belədir :  Elmi ədəbiyyat bizə elmin hansısa sahəsini öyrədirsə, bədii ədəbiyyat bizə birbaşa həyatı öyrədir. 

Bədii ədəbiyyat dünyada tarixin gedişinə təsir edir.

   Görkəmli yazıçı Viktor Hüqonun “Səfillər” romanında maraqlı bir paradoks  var. Orada Jan Valjan dükandan çörək oğurladığına görə beş il müddətinə həbs olunur və hər gün həbsxanada pulsuz çörək yeyir.  Bununla Viktor Hüqo həmin dövrdə Fransadakı qanunların nə qədər absurd olduğunu insanlara  göstərdi. Sonrakı dövrlərdə, aşırı tənqidlər nəticəsində bu cür absurd qanunlar ləğv edildi. Həmçinin əsərdə Fantinanın başına gələn müsibətlər bir qadının cəmiyyət tərəfindən nə qədər əzildiyini və buna müdaxilə edilməyəcəyi təqdirdə cəmiyyətin necə uçurma yuvarlanacağını göstərdi. Fransada gender bərabərliyin qüvvəyə minməsində bu əsərin rolu danılmazdır.
  Rusiyada kəndli islahatlarının qəbul edilməsində də bədii ədəbiyyatın rolu yüksək olub. Həmin dövrdə yazıçıların təhkimçiliyi aşırı şəkildə tənqid etməsi onlara çox baha başa gəlirdi. Qəddar çar rejiminin ölkənin aydınlarını ardıcıl olaraq sürgünə göndərməsi ölkədə bumeranq effekti yaratdı . Sonda ölkənin irili-xırdalı burjuası yazıçı təfəkkürünə boyun əyməyə məcbur oldu və təhkimçiliyi ləğv etdi .   Diqqət edin ki, ABŞ-da quldarlığın ləğv edilməsi vətəndaş müharibəsinə səbəb oldu. Amma Rusiyada bu proses heç bir güllə atmadan getdi və olkənin mülkədarları şəxsi istəkləri ilə təhkimçilikdən imtina etdilər.
  Əgər Azərbaycan ədəbiyyatından danışırıqsa, burada Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun aşırı tənqidli və maarifləndirici əsərləri olmasaydı, Azərbaycanın XX əsrdəki ədəbi inkişafi mümkünsüz olardı.  Xurafatı , radikalizmi və cəmiyyətin  eybəcərliklərini göstərməklə, məhz onlar xalqın inkişaf bünövrəsini qoydular.

Bədii ədəbiyyat insanın əqidə seçiminə təsir edir.

   Bəzi əsərlər var ki, onları oxuduqdan sonra insan “silkələnə” bilər və hətta illərlə inandığı əqidəsini də dəyişə bilər.  Buna ən sadə misallardan biri , Onore de’Balzakın məşhur “Qorio Ata” əsəridir ki, kapitalizmin iyrənc tərəflərini göstərməklə, bir çox halda insanlarda sosializmə meyl yaratmışdır. Burjua sinfinin cəmiyyəti necə istismar etdiyini , kapitalın insanlarda yaratdığı süni qüruru və  bunun fəsadlarını çox incəliklə nümayiş olunmuş bu əsər sosialist düşərgəsində çox böyük uğur qazanmışdır.  Eyni şeyi biz Cek Londonun “Martin İden” əsərində də görmüşük. Əsərdə yoxsul ailədən çıxmış Martin İden öz sinfindən olmayan varlı qıza vurulur və sonu heç də yaxşı bitməyən sevgi macərası ilə nəticələnir. Siniflər arasında olan bu uçurumu çox ustalıqla ifadə edən Cek London  aşağı sinfin üzləşdiyi faciələri diqqətə çatdırır. Bu əsərlərin hər biri elə indinin özündə də aktualdır və kapitalizmə qarşı ciddi “silah” kimi istifadə edilməkdədir.
  Əks ideologiyadan  isə, SSRİ-yə satira olduğu iddia edilən Corc Oruelin məşhur “1984” əsəri anti-kommunist təbliğatda çox böyük rol oynamışdır. Kommunizmin yaratdığı avtoritar rejimləri aşırı şəkildə tənqid edən Oruelin bu kitabı çox qısa zamanda bir çox qərb ölkələrində masaüstü kitabçaya çevrildi. Maraqlıdır ki, bu kitabı SSRİ rəsmi olaraq qadağan etsə də, dövlət onu gizli şəkildə çap etdirib, yalnız yüksək vəzifəli partiya üzvlərinə oxutdururdu. Yazıçının təfəkkürü yenə də qalib gəlmişdi.  Həmçinin, Fyodor Dostoyevskinin “Şeytanlar” romanı da həmin dövrdə Çar Rusiyasında genişlənməkdə olan, kommunist cərəyanını tənqid etmək məqsədi ilə yazılmışdır. Göründüyü kimi Dostoyevski kommunistləri burada məcazi olaraq “şeytan” adlandırır və Rusiyada hakimiyyətə gələcəkləri təqdirdə, ölkəni nə cür fəlakətlərin gözləyəcəyini bildirmişdir. Buna görə bir çox ədəbiyyatşünaslar onu “öncəgörən” adlandırır.
  Bu adını çəkdiyim əsərlərdən çıxan ümumi nəticə budur ki, hər şeyin radikalı təhlükəlidir. Bu əsərlər bizə hər iki tərəfin (aşırı sağ və aşırı sol) arasında, yalnız mərkəzdə durmağı tövsiyyə edir. Yəni, əgər bu əsərlərin hamısını oxusanız, gəldiyiniz nəticə belə olacaq.

Bədii ədəbiyyat  fəlsəfənin  inkişafına kömək edir.

  Sigmund Freyd psixoloanalizini Dostoyevskidən öyrəndiyini deyib , Fridrix Nitşe isə onu   “mənəvi ata”  adlandırıb. Sartr deyirdi ki, “Proza  - hər hansı bir düşüncənin reallaşması üçün ən güclü alətdir ”. Fikir vermisinizsə, bir çox hallarda fəlsəfi əsərlərdə nədənsə  nümunə göstərmək üçün hər zaman bədii əsərlərə istinad olunur. Həqiqətdə isə, elə bir bədii əsərlər vardır ki, onun fəlsəfi yoxsa, bədii əsər olduğunu müəyyənləşdirmək olmur. Faktiki olaraq , bədii ədəbiyyatla fəlsəfə ayrılmazdır , fərq yalnız ondadır ki, fələsəfə özünü arqumentlərlə təsdiq edir, bədii ədəbiyyat isə lirik formada. Bir çox klassiklər isə fəlsəfəni bədii əsərdə ifadə etmişdir .19-cu əsr materialist və idealist fəlsəfənin arasında gərgin bir mübarizə getdiyi bir dövr olduğu üçün, həmin dövrü fəlsəfənin inkişaf etdiyi ən pik dövr adlandıra bilərik. 20-ci əsr ədəbiyyatı isə daha çox “dövlətlərin ideoloji aparatı ” kimi görünməyə başlasa da, heç bir halda belə olmamışdır.
   Demək olar ki, bütün yazıçıların ən ciddi tənqid obyekti nihilizm olmuşdur. Onlar insanın inandığı müəyyən bir idealı və bir çərçivəsinin olmayacağı təqdirdə, nə cür mənasız həyat sürəcəkləri barədə xəbərdarlıq etmişlər.  

Bədii ədəbiyyat  insanın şəxsi keyfiyyətlərini artırır.

  Biraz da bədii ədəbiyyatın ən yaxşı motivasiya  olduğundan danışmalıyıq.  Sovet yazıçısı Nikolay Ostrovskinin kor və iflic olduğu halda yazdığı avtobioqrafik romanı, mənə görə ən yaxşı  motivasiya kitabı olmuşdur . İnsanların üzləşdiyi faciələri ən ağır formada izah edən yazıçı bizim qarşılaşdığımız gündəlik problemlərin əslində nə qədər cılız olduğunu göstərir. Bu əsəri oxuyandan sonra yaranan ilk təəssürat belədir ki, əslində bizim problemimiz yoxdur. Problemlər nisbidir. Lakin, bəzi hallarda insanlar durduğu yerdə özünə problem yaradır. Məsələn, Lev Tolstoyun “Anna Karennina” əsərindəki Anna kimi. Bu əsər bizə şəhvətin heç bir halda ailə dəyərindən üstün olmadığını və ailə dəyərinə xəyanət ediləcəyi təqdirdə bizi nə cür fəlakətlərin gözlədiyini bildirir. Həmçinin, natamalıq kompleksindən əziyyət çəkən və özünə inamı olmayan insanların bədii ədəbiyyatı oxuması olduqca zəruridir. Bəzən bir bədii əsər bizim həyatımızda məktəb rolunu oynaya bilər.
  Bədii ədəbiyyat həm də, empatiya hissinin formalaşması üçün çox güclü vasitədir. Belə ki, bir filmə baxanda siz onu vizual olaraq izləyirsiniz, amma bədii ədəbiyyat isə, sizə oxuduqlarınızı beyninizdə təsvir etməyə və onu bütövlükdə hiss etməyə imkan verir. Yəni, əsərdəki personajın keçirdiyi hissləri sizinlə bölüşməsi, sizdə insanlara qarşı empatiya hissinin formalaşmasına kömək edir. Bu da sizin gələcəkdə kiminləsə şəxsi konfliktiniz yarandığında özünüzü başqalarının yerinə qoymağı və məsələyə həm də onların tərəfindən baxmağı öyrədir.
  Həqiqətən də, bədii ədəbiyyat insanda şəxsi kefyiyyətləri formaladırmaq və ətrafda baş verən psixoloji insidentləri analiz etmək üçün çox effektiv bir vasitədir. Mütəmadi olaraq bədii ədəbiyyatı oxuyan insanlar düzgün qərarlar qəbul etməkdə və insanların xarakterini mənimsəməkdə çox böyük ustadırlar. Statistik məlumatlar göstərir ki, dünyanın ən çox kitab oxuyan ölkələri həm də, ən sakit və yaşamaq üçün ən əlverişli  ölkələrdir. Bunlar təsadüf deyil təbii ki..  Zorakılığa , şiddətə hər zaman “yox ” deyən, insanları bir-birini anlamağa və güzəştə getməyə çağıran , radikalizmin təhlükəli fəsadlarını insanlara açıqlayan məhz “mənəvi ata” adlandıra biləcəyimiz görkəmli yazıçılardır. Maraqlıdır ki, hazırda dünyanı sülhə çağıran yazıçıların əksəriyyəti keçmişdə olduqca təhlükəli yollarla getmişlər. Onlardan biri məşhur alman yazıçısı E.M.Remarkdır ki, hər zaman müharibəni və şiddəti qınayıb, amma özü də gəncliyində əlinə silah alaraq, radikal fikirlərə uymuş və qərb cəbhəsində döyüşmüşdür. Həmçinin, ingilis yazıçısı Corc Oruelin ömrünün böyük bir hissəsi müharibədə keçmişdir, amma əsərlərində həmişə totalitar  rejimlərin insanlığa vurduğu zərəri və buna laqeyd yanaşdıqda ortaya çıxa biləcək fəsadları göstərmişdir. Bununla sanki, onlar bir zamanlar etdikləri səhvi bizə göstərir və bundan nəticə çıxarmağımızı istəyirlər.

Stereotiplər.

  Bəzi insanlar vardır ki, bədii ədəbiyyatın hazırki  XXI əsr mədəniyyəti ilə uzlaşmadığını iddia edirlər. Ən gülünc arqumentləri  də budur ki, guya kinomotoqrafiya inkişaf etdikdən sonra bədii ədəbiyyat lazımsız olub. Yəni, guya filmlər bədii ədəbiyyatı əvəz edir və günlərlə bir kitabı oxumaqdansa, həmin kitabın motivləri əsasında çəkilmiş filmə baxmaq daha sərfəli olar. Bu iddianın mənasızlığının ən gözəl sübutu elə klassik bədii ədəbiyyatın indiki filmlərlə uzlaşmamasıdır. Məsələn, bayaq adını çəkdiyim “Səfillər” romanına aid 2013-cü ildə Hollywood iribücdəli film çəkmişdi. Filmdə Hugh Jackman, Russel Crowe və Anne Hathaway kimi məşhur aktyorlar da yer almışdı. Nə baş verdi ?  Kitabı oxuyan adamların əksəriyyəti filmi tənqid etdilər və hətta filmin əsəri korladığını dedilər. Üstəlik, film nə kinoprokatda, nə də tənqidçi baxımından heç bir yüksək uğur əldə etmədi . Çünki, elə əsərlər vardır ki, onlara dair film çəkmək mümkün deyildir və ya lap film çəkilsə də, kitabın verdiyi effekti verə bilməz. Çünki, bu əsərlər yalnız və yalnız oxumaq üçün yazılıb. Həmçinin Rusiyada Dostoyevskinin , Almaniyada Remarkın , İspaniyada Servantesin əsərləri üçün çəkilən onlarca film heç cürə kitablar qədər uğur qazanmır. XXI əsrdə kinomotoqrafiya nə qədər inkişaf edirsə etsin, saysız-hesabsız filmlər nə qədər çıxırsa çıxsın, bunlar heç bir halda bədii ədəbiyyatı əvəz etmək gücündə olmayacaq. Aradan yüz illər də keçsə, bədii ədəbiyyat heç vaxt öz əhəmiyyətini itirməyəcəkdir.
   Bəzən də, ilk oxuduğunuz əsərin hansı olması sizin gələcək fikirlərinizdə çox ciddi rol oynaya bilər. Doğru seçilmiş əsər insana bədii ədəbiyyatı sevdirər və onu davamlı şəkildə oxumağa sövq edər. Yalnış seçilmiş əsər isə, insana  bədii ədəbiyyat haqqında yalnış təəssüratlar yaradar və ondan birdəfəlik uzaqlaşdırar. 
  Elmi ədəbiyyatı oxumaqla siz elmi biliklərinizi artırmış olursunuzsa, bədii ədəbiyyatı oxumaqla isə, həyati biliklərinizi  artırmış olursunuz.   Əgər siz də elmi ədəbiyyata üstünlük verirsinizsə və bədii ədəbiyyatdan yan keçirsinizsə , onu tənqid edib “söz yığını”  adlandırmaq sizin üçün asan ola bilər. Amma həmin nəticəyə gəlməmək üçün də, bədii ədəbiyyatı oxumaq gərək.



Комментарии

Популярные сообщения из этого блога